BAKI, 19 iyul. TELEQRAF

ABŞ-nin tətbiq etdiyi idxal rüsumlarından sonra Braziliya məhsullarının Çin, Hindistan və Avropa İttifaqı ölkələrinə ixracını əhəmiyyətli dərəcədə artıraraq itkilərini kompensasiya edib.

Teleqraf xəbər verir ki, bu barədə "Brasil 247" portalı məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin ilk yarısında Braziliyanın Çin, Hindistan və Avropa İttifaqı ölkələrinə ixracı 16 milyard realdan (təxminən 3,2 milyard ABŞ dolları) çox artıb.

Bildirilir ki, Prezident Luiz İnasiu Lula da Silvanın hökuməti tərəfindən həyata keçirilən ticarət əlaqələrinin genişləndirilməsi siyasəti ABŞ-nin tətbiq etdiyi rüsum və sanksiyalar nəticəsində yaranan itkiləri kompensasiya etməyə imkan verib.

Portalın məlumatına əsasən, Donald Tramp administrasiyasının tətbiq etdiyi rüsumlar səbəbindən Braziliya ixracatçılarının zərəri 2,6 milyard real (təxminən 520 milyon ABŞ dolları) qiymətləndirilir. Beləliklə, ABŞ bazarında itirilən hər 1 real müqabilində Braziliya yeni bazarlarda 6 realdan çox gəlir əldə edib.

Nəşr qeyd edir ki, Braziliya ixracatçıları kütləvi şəkildə Asiya bazarlarına yönəlirlər. Çin və Hindistanla yanaşı, İndoneziya, Malayziya, Tailand və Vyetnam kimi Asiya ölkələrinin sürətlə inkişaf edən iqtisadiyyatları da əsas istiqamətlər sırasında göstərilir.

Bu prosesi sürətləndirmək məqsədilə Braziliyanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi 130 milyon real (təxminən 26 milyon ABŞ dolları) həcmində dövlət dəstəyi paketi ayırıb. Vəsait şirkətlərin xarici alıcılar tapmasına, məhsullarını yeni standartlara uyğunlaşdırmasına və beynəlxalq sərgilərdə iştirakına yönəldiləcək.

Agentliyin statistikasına görə, əvvəllər ABŞ bazarından asılı olan şirkətlərin 72 faizi artıq məhsul tədarükünü digər ölkələrə yönləndirə bilib.