BAKI, 19 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Səudiyyə Ərəbistanına uranı zənginləşdirməyə ilkin razılıq verdiyi iddia olunur.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsinə icazə verən razılaşmanı ilkin mərhələdə dəstəkləyib. Bildirilir ki, bununla bağlı nüvə silahının hazırlanmasının qarşısını almaq üçün kifayət qədər təminatlar nəzərdə tutulmayıb.

CNN-in həmsöhbətlərinin sözlərinə görə, Tramp administrasiyası bu ilin əvvəlində sazişin məzmunu barədə Konqresin bəzi üzvlərinə məlumat verib. Layihədə Səudiyyə Ərəbistanı ərazisində müəyyən həcmdə uranın zənginləşdirilməsinə və ya plutoninin emalına imkan yaradan müddəanın yer aldığı bildirilir.

Telekanal qeyd edir ki, sənəddə bəzi məhdudiyyətlər nəzərdə tutulsa da, onların konkret nədən ibarət olduğu hələlik açıqlanmayıb. Layihə həmçinin Səudiyyə Ərəbistanını Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə təminatlar haqqında sazişə əlavə protokol imzalamağa məcbur etmir.

CNN-in mənbələrindən biri belə bir razılaşmanı görünməmiş addım kimi qiymətləndirib.