BAKI, 19 iyul. TELEQRAF
Braziliya Ali Məhkəməsi Argentina Prezidenti Xavyer Mileyin ev dustaqlığında olan sabiq Braziliya Prezidenti Jair Bolsonaru ilə görüşünə icazə verməyib.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, Bolsonarunun vəkilləri Argentina liderinin səfərinə icazə verilməsi üçün məhkəməyə müraciət ediblər.
Qərarında hakim bildirib ki, sabiq prezidentə siyasi və seçki xarakterli tədbirlərdə iştirak etmək qadağan edildiyindən bu görüşə də icazə verilə bilməz.
Bildirilir ki, görüşün iyulun 25-də Braziliyanın paytaxtı Braziliya şəhərində keçirilməsi planlaşdırılırdı.
Gözlənilir ki, Xavyer Miley Braziliyaya səfəri çərçivəsində San-Paulu şəhərində keçiriləcək Liberal Partiyanın qurultayında iştirak edəcək. Qurultayda Bolsonarunun oğlu Flavio Bolsonarunun qarşıdan gələn seçkilər üçün partiyanın namizədi kimi irəli sürüləcəyi gözlənilir.