BAKI, 18 iyul. TELEQRAF

BƏƏ Baş Prokurorluğu Dubayın mərkəzində partlayış səslərinin eşidildiyi barədə yalan məlumatların yayılması ilə bağlı "Reuters" agentliyinin yerli redaksiyasında araşdırmalara başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ-nin "WAM" agentliyi məlumat yayıb.

Ölkənin baş prokuroru Hamad Seif əl-Şəmsi bildirib ki, idarə yalan məlumat yaymaqda iştirak edənlərlə bağlı araşdırmasını davam etdirir: "Prokurorluq müxbirin ifadəsini dinləyib və həmçinin "Reuters"də xəbərin hazırlanması, təsdiqlənməsi və dərc olunmasından məsul olanlar istintaqa dəvət olunub".

Əl-Şəmsinin sözlərinə görə, müstəntiqlər dərc olunmazdan əvvəl faktları yoxlayarkən hər bir işçinin rolunu müəyyən etmək və onların peşəkar, hüquqi standartlara uyğunluğunu yoxlamaq niyyətindədirlər.

Baş prokuror vurğulayıb ki, agentliyin materialı silməsi və üzr istəməsi məsul şəxsləri hüquqi məsuliyyətdən azad etmir.

İyulun 16-da "Reuters" agentliyi şahidlərə istinadən Dubayın mərkəzində partlayış səslərinin eşidildiyi barədə xəbər yayıb. Amma hökumət xəbəri təkzib edib.

"Reuters" də sonradan xəbəri təkzib edib və üzr istəyib.