BAKI, 17 iyul. TELEQRAF
Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrində və “İcra haqqında” qanunda edilən dəyişiklik normativ hüquqi aktlara uyğunlaşdırılır.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq, Ali Məhkəmə və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 429-VIIQD nömrəli Qanununa (bundan sonra – Qanun) uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, qanunun icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə Nazirlər Kabinetinə məlumat verməlidirlər.