BAKI, 16 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndələri ilə keçirdiyi müşavirələrdən sonra İrana qarşı hərbi əməliyyatların miqyasını genişləndirməyə meylli görünür.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbəyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Vaşinqtonun nəzərdən keçirdiyi variantlar arasında İran ərazisinə bombardmanların intensivləşdirilməsi, Hörmüz boğazı ətrafındakı adaların ələ keçirilməsi üçün quru qoşunlarının göndərilməsi və ölkənin enerji obyektlərinə zərbələrin endirilməsi var.

Bununla belə, bir sıra ABŞ rəsmiləri qəzetə bildiriblər ki, Tramp İran ərazisinə quru qoşunlarının yeridilməsini istəmir. Qeyd olunur ki, o, daha əvvəl Xarq adasını və İranın neft sənayesini nəzarətə götürmək barədə səsləndirdiyi təhdidlərdən dəfələrlə geri çəkilib.

"The Wall Street Journal" vurğulayır ki, əgər Tramp bu addımları təsdiqləsə, bu, ABŞ üçün münaqişənin ən təhlükəli mərhələsinin başlanğıcı ola bilər. Nəşrin qiymətləndirməsinə görə, belə bir qərar Vaşinqtonu Yaxın Şərqdəki qarşıdurmaya daha dərindən cəlb edəcək, yanacaq qiymətlərinin artmasına səbəb olacaq və Respublikaçılar Partiyasının noyabrda keçiriləcək aralıq Konqres seçkilərindəki mövqeyinə mənfi təsir göstərə bilər.

Xatırladaq ki, daha əvvəl Axios portalı Trampın administrasiyasının əsas üzvləri ilə İrana təzyiqi artırmaq məqsədilə hərbi əməliyyatların genişləndirilməsi imkanlarını müzakirə etdiyini yazmışdı.