BAKI, 16 iyul. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) son həftələrdə Kubaya qarşı mümkün hərbi əməliyyat variantlarını, o cümlədən hava-desant əməliyyatını müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hərbi planlaşdırıcılar ABŞ Quru Qoşunlarının rəhbərliyi altında minlərlə əsgərin iştirakı ilə həyata keçirilə biləcək desant əməliyyatı da daxil olmaqla bir neçə ssenarini qiymətləndiriblər. Bildirilir ki, belə bir tapşırığın icrası üçün ABŞ-nin 101-ci Hava-Desant Diviziyası nəzərdə tutulub.

Mənbələr vurğulayıblar ki, bu cür müzakirələrin aparılması ABŞ Prezidenti Donald Trampın və ya Pentaqonun hərbi əməliyyat keçirmək barədə qərar qəbul etdiyi anlamına gəlmir.

CBS qeyd edir ki, Kubaya qarşı istənilən hərbi əməliyyat Pentaqon üçün ciddi çətinlik yarada bilər. Hazırda ABŞ hərbi rəhbərliyinin əsas diqqəti İranla bağlı vəziyyətə yönəlib.

Mənbələrin sözlərinə görə, ötən həftə İrana qarşı hərbi əməliyyatların yenidən başlaması fonunda diqqətin Kubaya yönəldilməsi hazırkı mərhələdə az ehtimal olunur.

Qeyd edək ki, Donald Tramp daha əvvəl dəfələrlə Kubanın hökumət və iqtisadi sisteminin çöküş həddinə yaxınlaşdığını iddia edib. O, iyun ayında Axios portalına müsahibəsində Kubada hakimiyyət dəyişikliyinə yönəlmiş əməliyyat ehtimalını istisna etməyib. Tramp fevralın 27-də isə ABŞ-nin "dostcasına Kubaya nəzarət qura biləcəyini" bildirmişdi.