BAKI, 16 iyul. TELEQRAF
ABŞ Silahlı Qüvvələri gün ərzində İrana qarşı həyata keçirdiyi ikinci hücum dalğasını başa çatdırıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
CENTCOM-un açıqlamasına görə, əməliyyat zamanı İran ərazisində yerləşən hava hücumundan müdafiə sistemləri, komanda məntəqələri və müşahidə postları hədəfə alınıb.
Məlumatda bildirilib ki, zərbələr ABŞ-nin bölgədəki hərbi əməliyyatları çərçivəsində həyata keçirilib. Hücumların nəticələri və hədəflərə dəyən zərərin miqyası barədə əlavə məlumat verilməyib.
İran tərəfi isə hələlik CENTCOM-un açıqlamasına münasibət bildirməyib.
***
23:44: 15 iyul
ABŞ qüvvələri Şərq vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 23:00) İrana qarşı gün ərzində ikinci hücum dalğası üçün əməliyyata başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı açıqlayıb.
Qeyd olunur ki, hücumlar qlobal ticarət üçün vacib beynəlxalq su yolu olan Hörmüz boğazından sərbəst keçən gəmilərə təhdid təşkil edən İranın hərbi imkanlarını hədəf alır.
“ABŞ silahlı qüvvələri Ali Baş Komandanın göstərişi ilə İranı məsuliyyətə cəlb edir”, - deyə açıqlamada vurğulanır.