BAKI, 15 iyul. TELEQRAF
ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasını başa çatdırıb. Hücumlar zamanı onlarla hədəfin vurulduğu bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Açıqlamaya görə, iyulun 14-də ABŞ-nin şərq sahili vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə iyulun 15-də saat 06:00) başa çatan əməliyyat çərçivəsində Hörmüz boğazı və İranın sahilyanı ərazilərində yerləşən onlarla obyektə zərbələr endirilib.
CENTCOM-un məlumatında qeyd olunur ki, hücum dalğası ümumilikdə yeddi saat davam edib.
“Yeddi saatlıq əməliyyat zamanı ABŞ qırıcıları, pilotsuz uçuş aparatları və hərbi gəmiləri yüksək dəqiqlikli silahlardan istifadə edərək İranın raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi məntəqələrə, dəniz qüvvələrinə və sahil müdafiə sistemlərinə zərbələr endirib”, - deyə açıqlamada bildirilir.