BAKI, 19 iyun. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron İsrailin Fələstin ərazilərində və Livanın cənubunda həyata keçirdiyi siyasəti qəbuledilməz adlandırıb. O bildirib ki, rəsmi Təl-Əvivin hazırkı siyasəti uzunmüddətli perspektivdə ölkənin milli maraqlarına uyğun deyil.
Teleqraf xəbər verir ki, bu barədə "France 2" telekanalı məlumat yayıb.
Makronun sözlərinə görə, Qəzza zolağında davam edən hərbi əməliyyatlar, İordan çayının qərb sahilində yeni yəhudi yaşayış məntəqələrinin salınması və Livanın cənubunda həyata keçirilən əməliyyatlar region xalqları arasında narazılığı və zorakılığı daha da artırır.
Fransa lideri qeyd edib ki, HƏMAS-ın İsrailə hücumundan sonra ölkə hökuməti təhlükəsizlik sahəsində müəyyən nəticələr əldə etsə də, terrorçularla mübarizə ilə yanaşı, mülki əhaliyə qarşı da əsassız zərbələr endirib.
Makron vurğulayıb ki, İsrailin təhlükəsizliyi qonşu ərazilərin işğalı hesabına təmin oluna bilməz.
O, həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunu Livan məsələsində müdriklik, məsuliyyət və rasionallıq nümayiş etdirməyə çağırıb. Makron bildirib ki, son günlər ABŞ Prezidenti Donald Trampın da Netanyahuya münasibəti dəyişib və onun fikrincə, yalnız bu halda regionda davamlı sülhə nail olmaq mümkündür.
Qeyd edək ki, daha əvvəl Benyamin Netanyahu İsrailin təhlükəsizliyi tam təmin olunana qədər ordunun Livanın cənubundan çıxarılmayacağını bəyan etmişdi.