BAKI, 19 iyun. TELEQRAF

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Ağ evə pilotsuz uçuş aparatları (PUA) ilə planlaşdırılan hücumun əsas təşkilatçısının Meksika əsilli qanunsuz miqrant olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları Avraam Ermosilyo Alvaresi iyunun 14-də Nebraska ştatının Omaha şəhərində saxlayıblar. İstintaqın versiyasına əsasən, "Shepherd" ("Çoban") ləqəbi ilə tanınan Alvarez planlaşdırılan hücumun hazırlanması, təşkili və idarə edilməsinə cavabdeh olub.

Bildirilir ki, o, digər şübhəlilərlə yazışmalarında hücum planını ətraflı izah edib və iştirakçıları mümkün qədər ölümcül hərəkət etməyə çağırıb.

Nazirlik qeyd edib ki, Alvarez 2001-ci ildə B-2 turist vizası ilə ABŞ-a daxil olub, lakin vizasının müddəti başa çatdıqdan sonra ölkəni tərk etməyib. O, 2014-cü ildə keçmiş prezident Barak Obama administrasiyası dövründə azyaşlı yaşlarında ABŞ-a gələn şəxslər üçün nəzərdə tutulan proqram çərçivəsində qorunan miqrasiya statusu alıb.

ABŞ hakimiyyəti daha əvvəl Ağ evə planlaşdırılan hücumun qarşısının alındığını açıqlamışdı. İstintaqın məlumatına görə, şübhəlilər iyunun 14-də – ABŞ Prezidenti Donald Trampın doğum günündə, Ağ evdə minlərlə tamaşaçının izlədiyi UFC turniri zamanı partlayıcı maddə ilə yüklənmiş PUA-larla prezident iqamətgahının yaxınlığındakı binalara zərbələr endirməyi, kütləvi təxliyə yaratmağı və insanları snayper atəşi altına salmağı planlaşdırıblar. Daha sonra isə Ağ ev kompleksinin giriş qapılarından birinə hücum etmək niyyətində olublar.

Məlumata əsasən, Ohayo, Missuri, Nebraska və Kaliforniya ştatlarında ümumilikdə beş şübhəli saxlanılıb, daha 23 nəfərin isə cinayət planında iştirak etdiyi müəyyən edilib. Təqsirləri sübuta yetiriləcəyi təqdirdə, onları ömürlük həbs cəzası və 250 min dollar məbləğində cərimə gözləyir.

İstintaq materiallarında qeyd olunur ki, digər şübhəlilərdən biri – 19 yaşlı Taysen Proper hücumdan əvvəl bir neçə odlu silah və minlərlə patron alıb. Hüquq-mühafizə orqanları onun valideynlərinin polisə müraciətindən sonra planlaşdırılan hücum barədə məlumat əldə edərək əməliyyatın qarşısını alıblar.