BAKI, 18 iyun. TELEQRAF

ABŞ sülh müqaviləsinin həyata keçirilməsinin son mərhələlərində İran yaxınlığındakı hərbi mövcudluğunu münaqişədən əvvəlki səviyyəyə endirməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.

“Biz yekun razılaşmadan danışırıq. Bu, İranın razılaşmanın şərtlərinə əməl edəcəyini, bizə yoxlama aparacağını və sülh prosesinin bir hissəsi olaraq real, əsaslı addımlar atacağını nəzərdə tutur. Bu halda, biz qoşunların sayını münaqişədən əvvəlki səviyyəyə endirəcəyik, yəni orada əlavə aviadaşıyıcı zərbə qrupları saxlamayacağıq”, - deyə Vens bildirib.

Onun sözlərinə görə, nə Vaşinqton, nə də Tehran müqavilənin şərtləri yerinə yetirildikdən sonra Yaxın Şərqdə gücləndirilmiş Amerika hərbi mövcudluğunu saxlamaqda maraqlı deyil.

"İranlılar bunu istəmirlər. Açığı, biz də bunu istəmirik", - deyə ABŞ vitse-prezidenti qeyd edib.