BAKI, 15 iyun. TELEQRAF

İsrail ordusunun bazar günü Beyrutun cənubundakı Dahieh rayonunda Hizbullahın qərargahına hücumu İranın qisas xəbərdarlığı etməsinə səbəb olub.

Teleqraf xəbər verir ki, bu hücumlar ABŞ-İran arasındakı razılaşma ilə bağlı qeyri-müəyyənlik yaradıb.

İsrail Müdafiə Qüvvələri (İMQ) açıqlamasında bildirib ki, Hizbullah yaraqlıları qərargahdan İsrail mülki şəxslərinə və Livanın cənubunda fəaliyyət göstərən ordu qüvvələrinə qarşı "terrorçu" hücumlar təşkil etmək üçün istifadə ediblər.

İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz birgə bəyanatda hücumun Hizbullahın İsrail ərazisinə atəş açmasından sonra baş verdiyini bildiriblər və əlavə ediblər ki, İsrail öz ərazisinə atəş açmağa dözməyəcək.

Livanın Milli Xəbər Agentliyi İsrailin hücumu nəticəsində ən azı üç nəfərin öldüyünü, 15 nəfərin isə yaralandığını bildirib.

İran xəbərdarlıq edib ki, İsrailin Cənubi Livan da daxil olmaqla, hər hansı bir "təcavüzü və zərərli hərəkətləri" Tehranın daha "sərt və sarsıdıcı" cavabına səbəb olacaq.

Bazar günü İsrailin yeni hücumundan sonra İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf "X" sosial media platformasında bildirib ki, İsrailin Beyruta qarşı yeni "təcavüzü" ABŞ-ni öhdəliklərini yerinə yetirmək üçün nə iradəsinin, nə də qabiliyyətinin olmadığını göstərib: "Pis polis və yaxşı polis oyunu artıq köhnəlib. Əgər öhdəliklərinizi yerinə yetirmək üçün iradə və bacarığınız yoxdursa, yolu davam etdirməkdən danışmaq mümkün deyil".

İranın "Defa Press" xəbər agentliyinə verdiyi müsahibədə İsrail hücumuna reaksiya verən ölkənin əsas hərbi komandanlığı Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının müfəttiş müavini Məhəmməd-Cəfər Əsədi deyib: "Şübhəsiz ki, bu cinayətlər cavabsız qalmayacaq".

O da qeyd olunur ki, İsrailin Beyruta hücumu ABŞ və İran arasındakı razılaşmaya kölgə salıb.

Tramp daha öncə qeyd edib: "Bu səhər Beyruta hücum, xüsusən də İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə baş verməməli idi. Biz Livan da daxil olmaqla, regiona sülh gətirəcək bir razılaşmaya çox yaxınıq və bütün tərəflər geri çəkilməlidir".