BAKI, 15 iyun. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin lideri Si Cinpinə ad günü münasibətilə təbrik məktubu göndərib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
K.J.Tokayev Çin rəhbərinin iki ölkə arasındakı əbədi strateji tərəfdaşlığın möhkəmlənməsindəki şəxsi töhfəsini yüksək qiymətləndirib. O, Pekin və Astana arasındakı əlaqələrin sarsılmaz dostluq və qarşılıqlı dəstəyə əsaslandığını vurğulayıb.
Qazaxıstan dövlət başçısı ikitərəfli münasibətlərin daha da güclənəcəyinə, yüksək dinamikanı qoruyacağına və yeni sahələri əhatə edəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, iyunun 15-də ÇXR Sədrinin 73 yaşı tamam olur.