BAKI, 14 iyun. TELEQRAF
Konqo Demokratik Respublikasında Ebola qızdırmasına yoluxma halları artmaqda davam edir. Ölkədə təsdiqlənmiş yoluxma sayı 700-ü keçib, ölənlərin sayı isə 149 nəfərə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Nazirliyin açıqladığı statistikaya əsasən, laborator müayinələrlə təsdiqlənmiş Ebola qızdırması hallarının sayı 710-a çatıb.
Məlumatda qeyd olunur ki, virusdan ölüm göstəricisi hazırda 21 faiz səviyyəsində qiymətləndirilir.
Səhiyyə qurumu epidemioloji vəziyyətin nəzarətdə saxlanılması və yoluxmanın qarşısının alınması istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.
Qeyd edək ki, Ebola yüksək yoluxuculuğa malik virus xəstəliyi hesab olunur və əsasən yoluxmuş şəxslərlə və ya onların bioloji mayeləri ilə təmas nəticəsində yayılır.