BAKI, 14 iyun. TELEQRAF
İran hakimiyyəti zənginləşdirilmiş uranın saxlanıldığı yeraltı anbarların girişlərini minalayıb və nüvə ehtiyatlarına çıxışı qismən məhdudlaşdırıb.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Teleqraf xəbər verir ki, CNN-in məlumatına görə, son həftələrdə İran rəsmiləri nüvə obyektlərinin mühafizəsini gücləndirərək bəzi tunelləri dağıdıb və mina tələləri quraşdırıblar.
Məlumatda bildirilir ki, söhbət təxminən 500 kiloqrama yaxın, silah istehsalında istifadə oluna biləcək səviyyədə zənginləşdirilmiş urandan gedir. Hesab olunur ki, həmin ehtiyatların əhəmiyyətli hissəsi İsfahandakı nüvə kompleksinin dağıdılmış tunellərində yerləşir.
Ekspertlər qeyd edirlər ki, bu addımlar gələcəkdə ABŞ və İran arasında mümkün razılaşmanın icrasını çətinləşdirə bilər. Əgər belə bir saziş uran ehtiyatlarının təhvil verilməsini və ya məhv edilməsini nəzərdə tutarsa, materiallara çıxış üçün ağır texnikadan, minalardan təmizləmə əməliyyatlarından və nüvə mütəxəssislərinin iştirakından istifadə olunması tələb edilə bilər.
CNN-in həmsöhbətlərinin fikrincə, obyektlərin ətrafında görülən əlavə təhlükəsizlik tədbirləri nüvə materiallarının qorunmasına yönəlib və potensial yoxlamaları daha mürəkkəb edə bilər.