BAKI, 14 iyun. TELEQRAF
İsrailli rəsmi ABŞ və İran arasında hazırlanan mümkün razılaşmanı uğursuz adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə israilli rəsmi "Ynet" nəşrinə açıqlamasında danışıb.
Onun sözlərinə görə, ABŞ və İran arasında əldə olunması gözlənilən razılaşma İsrailin maraqlarına ziddir.
“Bu, pis razılaşmadır. Heç kim ondan razı deyil. Onlar anlayırlar ki, bu sənəd bizim üçün yaxşı deyil və İsrailin maraqlarına zərər vurur”, - deyə mənbə bildirib.
İsrailli rəsmi əlavə edib ki, Təl-Əviv Vaşinqtonun aparılan danışıqlara təsir göstərə bilməməsindən və ABŞ-nin İsrailin mövqeyini nəzərə almaq istəməməsindən narahatdır.
Onun fikrincə, mümkün saziş daha çox ABŞ-də yaxın aylarda keçiriləcək mühüm tədbirlər fonunda sabitlik yaratmağa hesablanıb. Mənbə buna futbol üzrə dünya çempionatı ilə bağlı hazırlıqları, ABŞ-nin 250 illik yubiley tədbirlərini və ABŞ Prezidenti Donald Trampın ad gününü misal göstərib.
“Hazırda məqsəd ABŞ-də keçirilən böyük tədbirlər dövründə müəyyən sakitlik əldə etməkdir. Bu isə zamanın sınağından çıxacaq bir razılaşmaya bənzəmir”, - deyə Ynet-in həmsöhbəti vurğulayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında razılaşmanın iyunun 14-də imzalana biləcəyini açıqlamışdı.