BAKI, 14 iyun. TELEQRAF
ABŞ və Kanadanın bir sıra bölgələrində bu ölkələrdən ayrılmağı hədəfləyən separatçı hərəkatlar fəallaşıb.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, təşəbbüs qrupları ABŞ-nin Kaliforniya, Oreqon və Vaşinqton ştatlarının ərazilərini birləşdirəcək müstəqil Kaskadiya dövlətinin yaradılmasını istəyirlər.
Qəzet bildirir ki, oxşar ideyalar ABŞ-nin digər ştatlarında və Kanadada da gündəmə gəlməyə başlayıb.
Məqalədə qeyd olunur ki, siyasi qütbləşmənin dərinləşdiyi və dialoq imkanlarının getdikcə azaldığı bir dövrdə inzibati sərhədlərin yenidən müəyyənləşdirilməsi, ideoloji baxımdan yaxın bölgələrin birləşdirilməsi və hətta ölkədən ayrılması ilə bağlı təşəbbüslər daha çox tərəfdar qazanır.
“The New York Times”ın fikrincə, bu cür hərəkatlar hazırda geniş siyasi dəstəyə malik olmasa da, onların fəallaşması cəmiyyətdəki siyasi və ideoloji parçalanmanın göstəricisi hesab olunur.