BAKI, 12 iyun. TELEQRAF

Tailand kralı Maha Vaçiralonqkornun (X Rama) böyük qızı şahzadə Paçara Kittiyapa 47 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə Tailand Kral Sarayının Bürosu məlumat yayıb.

Məlumata görə, şahzadə Banqkokdakı Kral Çulalonqkorn Memorial Xəstəxanasında dünyasını dəyişib.

Bildirilib ki, həkimlərin göstərdiyi davamlı tibbi yardıma baxmayaraq, onun vəziyyəti tədricən ağırlaşıb və iyunun 11-də vəfat edib.

Kral Sarayının açıqlamasında qeyd olunub ki, Paçara Kittiyapa 2022-ci il dekabrın 15-dən etibarən ürək xəstəliyi səbəbindən huşsuz vəziyyətdə xəstəxanada müalicə alırdı.

Bu ilin may ayında yayılan rəsmi məlumatda şahzadənin vəziyyətinin həyati vacib orqanların fəaliyyətini pozan nəzarətsiz infeksiya səbəbindən daha da pisləşdiyi bildirilmişdi.

Paçara Kittiyapa 2022-ci ilin dekabrında Nakhon Ratçasima əyalətində keçirilən təlim zamanı huşunu itirmiş və daha sonra Banqkokdakı xəstəxanaya yerləşdirilmişdi.

Şahzadə diplomatik və hüquq-mühafizə sahəsində də fəaliyyət göstərib. O, 2006-cı ilədək Tailandın BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı yanında daimi nümayəndəliyində çalışıb, daha sonra Baş Prokurorluqda fəaliyyət göstərib. 2012-2014-cü illərdə Tailandın Avstriyadakı səfiri olub. Son illərdə isə Kral Qvardiyasının şəxsi qərargah rəisi vəzifəsində çalışırdı.