BAKI, 12 iyun. TELEQRAF
ABŞ-yə məxsus strateji yanacaqdaşıyan hərbi təyyarə ardıcıl üçüncü axşamdır İranın hava sərhədi yaxınlığında müşahidə olunur.
Teleqraf xəbər verir ki, bu barədə Yaxın Şərqin aviadispetçer xidmətlərindəki mənbə TASS-a məlumat verib.
Mənbənin sözlərinə görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing KC-46A Pegasus" təyyarəsi İranın hava sərhədinə yaxın, Fars körfəzi üzərindəki neytral sularda eyni sektorda dairəvi marşrut üzrə uçuş həyata keçirir.
Bildirilib ki, Təl-Əvivdən havaya qalxan təyyarə bir saatdan artıqdır 8 kilometrdən çox yüksəklikdə fəaliyyət göstərir. Mənbə yaxın vaxtlarda İsraildən bölgəyə doğru hərəkət edən daha bir analoji təyyarənin ona qoşula biləcəyini də istisna etməyib.
Qeyd olunub ki, ötən iki axşam da həmin ərazidə eyni tipli təyyarələrin oxşar trayektoriya üzrə uçuşları qeydə alınıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl iyunun 12-nə keçən gecə İran ərazisinə zərbələrin davam etdiriləcəyini bildirmişdi. Lakin sonradan o, Truth Social platformasında paylaşım edərək planlaşdırılan hücumların ləğv olunduğunu açıqlayıb. Tramp Vaşinqtonla Tehran arasında dialoqun İran rəhbərliyinin ən yüksək səviyyəsinə çatdığını qeyd edib.