BAKI, 12 iyun. TELEQRAF
Böyük Britaniyanın hakim Leyboristlər Partiyasından olan dörd deputatın Müdafiə Nazirliyindəki vəzifələrini tərk etməsi Baş nazir Kir Starmer hökuməti üçün ciddi siyasi zərbə kimi qiymətləndirilib.
Teleqraf xəbər verir ki, bu barədə Britaniya KİV-ləri məlumat yayıb.
"Sky News" telekanalının məlumatına görə, müdafiə naziri Con Hili, onun müavini Alister Karns və nazirin parlament katibi Pamela Neşlə yanaşı, digər parlament katibi Reyçel Hopkins də vəzifəsindən ayrılıb.
"The Daily Telegraph" qəzeti istefaların G7 və NATO sammitləri ərəfəsində Starmer hökumətini çətin vəziyyətə saldığını yazıb.
"The Times" isə hökumətdə idarəetmə böhranının yarandığını qeyd edib.
Məlumata görə, istefaların əsas səbəbi müdafiə sahəsinə ayrılan vəsaitlə bağlı narazılıq olub. Həm Hili, həm də Karns hökumətin müdafiə xərclərini kifayət qədər artırmadığını bildirərək vəzifələrini tərk ediblər.
Mübahisələrin mərkəzində yanvar ayında hazırlanmasına baxmayaraq hələ də dərc olunmayan müdafiə investisiyaları planı dayanır. Britaniya mediasının məlumatına görə, hökumət növbəti üç il ərzində müdafiə xərclərini 13,5 milyard funt sterlinq artırmağı planlaşdırır. Lakin əvvəlki hesablamalarda bu məbləğin 18 milyard funt sterlinq olacağı bildirilirdi.
Alister Karns Baş nazirə ünvanladığı məktubda planın nə kifayət qədər iddialı, nə də yetərincə maliyyələşdirilmiş olduğunu vurğulayıb.
İstefalardan sonra müdafiə naziri vəzifəsinə Böyük Britaniyanın keçmiş daxili işlər nazirinin müavini Den Carvis təyin edilib. O, daha əvvəl paraşüt-desant alayında xidmət edib və Kosovo, Syerra-Leone, İraq və Əfqanıstanda hərbi missiyalarda iştirak edib.
"The Economist" jurnalı istefaları Starmerin zəifləyən nüfuzuna növbəti zərbə kimi qiymətləndirib. "The Guardian" qəzeti isə bu hadisələrin baş nazirin siyasi mövqeyini daha da sarsıtdığını yazıb.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq də Baş nazirə etimadını itirdiyini bildirərək istefa vermişdi.