BAKI, 12 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və ətrafı Konqres üzvlərini onun ilk prezidentlik dövründə baş vermiş iki impiçment cəhdinin simvolik şəkildə ləğv edilməsini nəzərdə tutan qətnaməni qəbul etməyə razı salmağa çalışır.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Tramp ABŞ tarixində barəsində iki dəfə impiçment proseduru başladılan ilk prezidentdir. Bu proseslər 2019 və 2021-ci illərdə onun ilk prezidentlik müddətində baş tutub. Hər iki halda Nümayəndələr Palatası impiçment maddələrini təsdiqləsə də, Senat onları rədd edib.
Məlumata görə, respublikaçı konqresmen Darrell İssa bu ilin aprelində hər iki impiçmentin ləğv olunmasını nəzərdə tutan qətnamə layihəsini təqdim edib. Sənədin həmmüəllifləri olan 23 respublikaçı konqresmen impiçment prosedurlarının sanki heç vaxt təsdiqlənmədiyi kimi etibarsız sayılmasını təklif edirlər.
Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, o, bu məsələni Tramp və onun müşavirləri ilə müzakirə edib. Bununla belə, o vurğulayıb ki, qətnamə hazırda Respublikaçılar Partiyasının əsas prioritetləri sırasında deyil.
“The Wall Street Journal” yazır ki, qətnamə qəbul olunsa belə, bu, Tramp üçün əsasən simvolik xarakter daşıyacaq. Çünki ABŞ Konstitusiyasında impiçmentin sonradan ləğv edilməsini nəzərdə tutan hüquqi mexanizm yoxdur.
Harvard Universitetinin Hüquq Məktəbinin fəxri professoru Alan Derşovits bu məsələnin hüquqi baxımdan qeyri-müəyyən olduğunu bildirib.
“Bunun mümkün olub-olmadığını heç kim dəqiq bilmir”, - deyə o qeyd edib.
Şimali Karolina Universitetinin hüquq professoru Maykl Gerhardt isə təşəbbüsü “absurd ideya” adlandırıb.