BAKI, 12 iyun. TELEQRAF
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 14 iyun 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahan respublikanın 3 şəhər və rayonunda - Bakı, Sumqayıt, və Abşeronda, ümumilikdə 63 binada təşkil olunacaq.
"İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, ərizələrin qəbulu internet vasitəsilə 21 – 23 may tarixlərində aparılıb. İmtahanda iştirak etmək üçün 15719 bakalavr ərizə təqdim edib. Onlardan 14612 nəfər Azərbaycan bölməsi, 1107 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 10632 ücari ilin, 5087 isə əvvəlki illərin məzunlarıdır, 35 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahanın idarə olunmasına 63 ümumi rəhbər, 175 imtahan rəhbəri, 1442 nəzarətçi, 202 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.
İmtahanda 19 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.