BAKI, 12 iyun. TELEQRAF

Meksikanın paytaxtı Mexikoda futbol üzrə 2026-cı il dünya çempionatının startı münasibətilə keçirilən tədbirlərə təxminən 500 min nəfər qatılıb.

Teleqraf xəbər verir ki, bu barədə Mexiko Şəhər İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Rəsmi məlumatda bildirilir ki, açılış oyununun keçirildiyi stadionda və ətraf ərazilərdə 80 minə yaxın yerli və xarici azarkeş olub. Şəhərin mərkəzində yerləşən Sokalo meydanında qurulan rəsmi fan zonada isə 100 min nəfər mundialın startını izləyib.

Bununla yanaşı, daha 120 min futbolsevər Paseo-de-la-Reforma prospektində yerləşən Müstəqillik Mələyi abidəsinin ətrafında toplaşıb. Şəhərin 16 inzibati rayonunda təşkil olunan xüsusi futbol festivallarına isə ümumilikdə 200 min tamaşaçı qatılıb.

Məlumata görə, Meksika Prezidenti Klaudiya Şeynbaum və Mexiko meri Klara Bruqada da şəhər sakinləri ilə birlikdə "Los-Qaleana" idman kompleksində qurulan azarkeş zonasından açılış matçını izləyiblər.