BAKI, 9 iyun. TELEQRAF

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan ona qarşı irəli sürülən seksual qısnama ittihamları ilə bağlı intizam araşdırması yekunlaşana qədər vəzifəsindən kənarlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə BCM-in yaydığı bəyanatda bildirilib.

Məlumata görə, qərar məhkəmənin fəaliyyətini tənzimləyən Roma Statutuna üzv dövlətlərin Assambleyasının Bürosu tərəfindən qəbul edilib və dərhal qüvvəyə minib.

Büro həmçinin intizam icraatını BCM-ə üzv dövlətlərin Assambleyasının baxışına göndərib və məsələnin müzakirəsi üçün qurumun xüsusi sessiyasının ən qısa zamanda çağırılması barədə qərar qəbul edib.

Bəyanatda vurğulanır ki, Kərim Xanın vəzifədən uzaqlaşdırılması onun işi üzrə yekun qərarın əvvəlcədən müəyyənləşdirilməsi anlamına gəlmir.

Qərarın BMT-nin Daxili Nəzarət Xidmətləri İdarəsinin apardığı araşdırmanın hesabatı, təqdim olunmuş sübutlar, məhkəmə ekspertləri qrupunun rəyi və tərəflərin yazılı materialları əsasında verildiyi bildirilib. Bununla yanaşı, qərarın və ona əlavə edilən sənədlərin məzmunu açıqlanmayıb.

Xatırladaq ki, 2025-ci ilin mayında Kərim Xan seksual qısnama ittihamları üzrə aparılan araşdırma müddətində inzibati məzuniyyətə göndərilmişdi. İttihamlar ilk dəfə 2024-cü ilin oktyabrında səsləndirilmişdi.

Daha sonra “The Guardian” qəzeti daha bir qadının BCM-ə müraciət edərək Kərim Xanı 2009-cu ildə baş verdiyi iddia olunan seksual xarakterli hərəkətlərdə günahlandırdığını yazmışdı. Həmin dövrdə qadının 20 yaşdan bir qədər çox olduğu və Haaqadakı beynəlxalq məhkəmə qurumlarında müdafiə tərəfinin nümayəndəsi kimi çalışan Kərim Xanın ofisində ödənişsiz təcrübəçi olduğu bildirilmişdi.