BAKI, 9 iyun. TELEQRAF

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında Ukrayna Prezidenti Volodimir Zelenskinin məktubunu “uğursuz təxribat” kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Nebenzya bildirib ki, Zelenskinin məktubu sülh təşəbbüsü deyil, Kiyevin münaqişənin nizamlanması yollarının axtarışına yönəlmiş danışıqları pozmaq cəhdlərini ört-basdır etməyə hesablanmış addımdır.

“Bu məktub heç də sülh təşəbbüsü deyil, Kiyevin münaqişənin həlli yollarının axtarışı ilə bağlı istənilən danışıqları pozmaq üçün atdığı ümidsiz cəhdləri gizlətməyə yönəlmiş uğursuz təxribatdır”, - deyə o vurğulayıb.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Zelenskinin məktubunda kobudluq elementlərinin olduğunu bildirmişdi. O, məktuba qısaca nəzər saldığını da qeyd etmişdi.

Məlumata görə, Volodimir Zelenski açıq məktubunda Vladimir Putinə müraciət edərək münaqişənin başa çatdırılması məqsədilə İsveçrədə, Türkiyədə və ya ərəb ölkələrindən birində görüş keçirməyi təklif edib.