BAKI, 6 iyun. TELEQRAF

ABŞ hökuməti Yeni Zelandiyaya 1,5 milyard dollar dəyərində beş ədəd MH-60R “Sea Hawk” çoxməqsədli dəniz helikopterinin və əlaqəli avadanlıqların satışını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, sövdələşmə Xarici Hərbi Satış proqramı çərçivəsində həyata keçiriləcək və Yeni Zelandiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edəcək.

“Bu satış Yeni Zelandiyanın mövcud və gələcək hərbi təhdidlərə qarşı imkanlarını artıracaq, kritik infrastrukturunun təhlükəsizliyini gücləndirəcək və ölkənin müdafiə potensialını möhkəmləndirəcək”, - deyə Dövlət Departamentinin açıqlamasında qeyd olunub.

“Sea Hawk” helikopterləri ABŞ-nin “Lockheed Martin” korporasiyasının “Sikorsky” bölməsi tərəfindən istehsal olunur.

Sövdələşmə Yeni Zelandiyanın müdafiə xərclərinin artırılması planının bir hissəsidir. Ölkənin mərkəz sağ hökuməti 2025-ci ildə müdafiə büdcəsinə dörd il ərzində əlavə 9 milyard Yeni Zelandiya dolları (təxminən 5 milyard ABŞ dolları) ayırmağı və müdafiə xərclərini növbəti səkkiz ildə ÜDM-in 2 faizinə çatdırmağı nəzərdə tutan proqram qəbul edib.

Ötən ay Vellinqton silahlı qüvvələrin modernləşdirilməsi məqsədilə əlavə 1,58 milyard Yeni Zelandiya dolları (təxminən 916 milyon ABŞ dolları) həcmində maliyyə ayırıb.

Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson bildirib ki, hökumət müdafiə xərclərinin artırılması kursuna sadiqdir.

“Yeni Zelandiyanın müdafiə qüvvələrinə 30 il ərzində kifayət qədər sərmayə qoyulmayıb. Dünya daha rəqabətli və mürəkkəb təhlükəsizlik mühitinə çevrilib. Müdafiə xərclərini ikiqat artırmağımız tamamilə məntiqlidir”, - deyə o vurğulayıb.