BAKI, 6 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Qüds Pravoslav Kilsəsinin ən yüksək mükafatlarından biri hesab edilən Müqəddəs Qəbir Cəngavərləri Ordeninin Böyük Xaçı ilə təltif olunub.
Teleqraf xəbər verir ki, mükafatı Trampa Vaşinqtona səfər edən Qüds və bütün Fələstinin Patriarxı III Feofil şəxsən təqdim edib.
Qüds Pravoslav Kilsəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu mükafat Qüdsdə yerləşən Müqəddəs Qəbir Kilsəsi ilə bağlı dərin mənəvi əhəmiyyət daşıyır və Qüds Yunan Pravoslav Patriarxlığının ən ali təltiflərindən biridir.
Görüş zamanı Patriarx III Feofil Trampın diqqətini Müqəddəs Torpaqlardakı xristian icmasının üzləşdiyi çətinliklərə yönəldib. Tərəflər bölgədə xristian varlığının qorunması və dini müqəddəs məkanların mühafizəsi məsələlərini müzakirə ediblər.
Patriarxlığın açıqlamasına görə, söhbət zamanı həm müsəlmanların, həm də xristianların ibadət yerlərinə çıxış imkanlarını məhdudlaşdıran problemlər də gündəmə gətirilib.
Xüsusilə İsrail hakimiyyətinin son dövrlərdə Qüdsdə tətbiq etdiyi məhdudiyyətlərin Əl-Əqsa məscidinə və Müqəddəs Qəbir Kilsəsinə zəvvarların girişini çətinləşdirdiyi qeyd olunub.
Tərəflər həmçinin dini etiqad azadlığının qorunması, ibadət hüququnun təmin edilməsi və bütün dini icmalar üçün müqəddəs məkanların toxunulmazlığının saxlanılması məsələlərini müzakirə ediblər.