BAKI, 6 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Avropadakı Amerika hərbi kontingentinin sayı ilə bağlı açıqlamaları ölkə ordusunda və müttəfiqlər arasında qeyri-müəyyənlik yaradıb.
Teleqraf xəbər verir ki, "Associated Press" agentliyinin ABŞ Müdafiə Nazirliyindəki iki mənbəyə istinadən yaydığı məlumata görə, amerikalı hərbçilər Trampın bəyanatlarından sonra Pentaqondan əlavə izahat gözləyirlər.
Məlumata əsasən, may ayında NATO müttəfiqləri Trampın Avropadan 5 min hərbçinin çıxarılması barədə göstəriş verməsindən bir neçə həftə sonra eyni sayda ABŞ hərbçisinin Polşaya göndəriləcəyini açıqlamasından sonra çaşqınlıq yaşayıblar.
"Associated Press" qeyd edir ki, Vaşinqtonun gələcək planları ətrafındakı qeyri-müəyyənlik hərbçilərin həyatına təsir göstərməklə yanaşı, ABŞ vergiödəyicilərinə milyonlarla dollara başa gələ bilər.
Bununla belə, Tramp administrasiyası ABŞ-nin Avropadakı hərbi mövcudluğunun azaldılması planlarının əvvəlcədən hazırlandığını və müttəfiqlərlə koordinasiya edildiyini bildirir.