BAKI, 29 may. TELEQRAF
ABŞ, Livan və İsrail hərbçilərinin nümayəndələri Pentaqonda keçiriləcək görüşdə hərbi və təhlükəsizlik koordinasiya orqanının yaradılmasını müzakirə edəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə Vaşinqtondakı ərəb diplomatik mənbəyi "Əl-Hadath TV"-yə bildirib.
"Baş Qərargahın Əməliyyatlar üzrə rəisi, briqada generalı Corc Rizkallahın rəhbərlik etdiyi Livan hərbi nümayəndə heyətinin xahişi ilə atəşkəsin gücləndirilməsi gündəmdəki ilk məsələdir", - deyə o bildirib.
Mənbə əlavə edib ki, Livanlılar İranyönlü şiə təşkilatı Hizbullaha qarşı hərbi əməliyyatların intensivliyini azaltmaq üçün İsrailə təzyiq göstərmək məqsədilə ABŞ-nin müdaxiləsinə ümid edirlər.
Onun sözlərinə görə, gərginliyin azaldılması çağırışı Pentaqonda keçiriləcək görüşün nəticələrindən biri olacaq.
Qeyd edək ki, görüş iyunun 2-3-də Vaşinqtonda keçirilməsi planlaşdırılan Livan-İsrail danışıqlarının dördüncü raundundan əvvəl baş tutacaq.