BAKI, 29 may. TELEQRAF
Məhkəmə qərarı ilə Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri vəzifəsindən uzaqlaşdırılan Özgür Özel və komandası partiyanın rəsmi sosial media hesablarını təhvil verməkdən imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, CHP-nin “X” platformasında 2,8 milyon, “Facebook”da 1,9 milyon, “Instagram”da isə 1,3 milyon izləyicisi olan rəsmi hesablarının idarəetməsi hələ də Özgür Özel tərəfinin nəzarətindədir.
Kemal Kılıçdaroğlunun komandası sosial media hesablarının təhvil verilməsi üçün platformaların ABŞ-də yerləşən mərkəzi ofislərinə rəsmi müraciət ünvanlayıb. Müraciətdə hesabların idarəetmə hüququnun partiyanın Baş Qərargahına məxsus olduğu bildirilib və hesabların yeni rəhbərliyə verilməsi tələb olunub.
“Meta” şirkətindən gələn cavabda “Facebook” hesablarının təhvil verilməsinə razılıq verdiyi bildirilib. Digər platformalar üzrə araşdırmaların davam etdiyi qeyd olunub.