BAKI, 29 may. TELEQRAF
İtaliyada 24 saatlıq ümummilli tətil keçirilir. Bir neçə həmkarlar ittifaqının müharibə iqtisadiyyatına, artan müdafiə xərclərinə, anti-sosial və repressiv hökumət siyasətinə qarşı elan etdiyi etiraz aksiyası əsasən dəmir yolu və ictimai nəqliyyat, eləcə də təhsil və tibb müəssisələrini əhatə edir.
Teleqraf xəbər verir ki, işçilər istismara və aşağı maaşlara, etiraz hüquqlarını məhdudlaşdırmaq cəhdlərinə qarşı tətil keçirirlər.
Tətildə əsas tələb sülh, məktəblərə və xəstəxanalara sərmayə qoyuluşu, minimum əmək haqqının saatda 12 avro müəyyən edilməsi ilə yanaşı, Fələstinə dəstək və müharibələr üçün vəsait ayrılmasına son qoyulması daxildir.
Qeyd edək ki, mayın 18-də İtaliyada təxminən eyni şüarlar altında tətil keçirilib.