XOCALI, 29 may. TELEQRAF

Xocalıda fəaliyyət göstərəcək “Qarabağ Tekstil Evi” MMC-nin istehsalat müəssisəsində ildə 1,4 milyon ədəd tekstil məhsulunun istehsalı nəzərdə tutulur.

Bu barədə müəssisənin təsisçisi Rizvan Təhməzov Teleqraf-ın Qarabağ bürosuna açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə və Çin texnologiyaları əsasında qurulan müəssisə ən müasir avadanlıqlarla təchiz edilib. İlkin mərhələdə burada müxtəlif ölçü və çeşidlərdə ev tekstili, o cümlədən yataq dəstləri, çarpayı və divan örtükləri, dəsmallar istehsal ediləcək.

R.Təhməzov bildirib ki, məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq. İstehsalda istifadə ediləcək xammalın bir hissəsi yerli bazardan, qalan hissəsi isə Türkiyə, Özbəkistan və Çindən gətiriləcək.

Hazırda müəssisədə 85 nəfər daimi işlə təmin olunub ki, onların da böyük əksəriyyəti işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. Bundan başqa, Xocalı və Ağdam rayonlarından olan daha 40 nəfər Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə iki aylıq peşə hazırlığı kurslarına cəlb ediləcək. Təlimləri uğurla başa vuran şəxslər işə götürüləcəklər. Gələcəkdə iş yerlərinin sayının 200 nəfərə çatdırılması və əlavə olaraq geyim istehsalının təşkili də planlaşdırılır.

Müəssisənin ilkin investisiya dəyəri 4,2 milyon manat təşkil edir. Bu vəsaitin 3,2 milyon manatı Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit şəklində ayrılıb, 1 milyon manatı isə özəl investisiya hesabına maliyyələşdirilib.