BEYLƏQAN, 29 may. TELEQRAF

Beyləqanda fərdi yaşayış evində yanğın baş verib.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, hadisə ötən gecə rayonun Qəhrəmanlı kəndində qeydə alınıb.

Kənd sakini Bəhmən Kərimovun mülkiyyətində olan 6 otaqlı evdə başlayan yanğın qısa müddətdə bütün tikilini əhatə edib. Nəticədə ev içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülüb və yaxınlıqdakı yaşayış evlərinə keçməsinin qarşısı alınıb.

Məlumata görə, ev sahibi Bəhmən Kərimov FHN-nin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.