BAKI, 28 may. TELEQRAF

ABŞ-nin İranla münaqişə zamanı istifadə etdiyi bəzi silah və sursat ehtiyatlarını bərpa etməsi üçün bir neçə il lazım olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatında bildirilib.

Sənədə əsasən, İrana qarşı əməliyyatlarda mindən çox “Tomahawk” raketindən istifadə olunub. Ekspertlərin qiymətləndirməsinə görə, ABŞ bu raketlərin ehtiyatını münaqişədən əvvəlki səviyyəyə yalnız 2030-cu ilin sonu və ya 2031-ci ilin əvvəlində qaytara biləcək.

Hesabatda qeyd olunur ki, həmçinin “Patriot” zenit-raket kompleksləri üçün 1060-1430 arası sursat sərf edilib. ABŞ-nin bu ehtiyatları, eləcə də THAAD raketdən müdafiə sistemləri üçün nəzərdə tutulan raketlərin arsenalını 2029-cu ilin ortalarına qədər bərpa edə biləcəyi vurğulanıb.

Tədqiqat müəllifləri hesab edirlər ki, hazırda ABŞ-ın İranla mümkün müharibə ssenariləri üçün kifayət qədər sursat ehtiyatı var. Bununla yanaşı, Asiya-Sakit okean regionunda yeni münaqişə yaranacağı təqdirdə Vaşinqtonun arsenal çatışmazlığı səbəbindən çətin vəziyyətə düşə biləcəyi qeyd olunub.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti bu ayın əvvəlində İranla müharibə nəticəsində ehtiyatların azalması səbəbindən Baltikyanı ölkələrə bəzi sursat növlərinin tədarükünü təxirə saldığını açıqlamışdı.

Amerika mediasının və bəzi ABŞ rəsmilərinin, o cümlədən Konqres üzvlərinin açıqlamalarına görə, Pentaqon yüksək dəqiqlikli sursat çatışmazlığı ilə üzləşib.