BAKI, 12 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İran nümayəndələrinin Vaşinqton üçün əlverişli razılaşmanı qəbul etdiklərini, lakin qısa müddət sonra Hörmüz boğazında gəmiyə pilotsuz uçuş aparatı ilə hücum etdiklərini iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp "NBC News" telekanalına müsahibəsində danışıb.

ABŞ prezidentinin sözlərinə görə, İran tərəfi bir gün əvvəl Vaşinqton üçün ideal razılaşmanı qəbul edib və bütün şərtlərlə razılaşıb.

"Onlar dünən bizim üçün ideal razılaşmanı qəbul etdilər. Hər şeydə geri addım atdılar. Bundan sonra otaqdan çıxdılar və bir saat ərzində gəmiyə pilotsuz uçuş aparatı ilə hücum etdilər", - deyə Tramp bildirib.

O, bəhs etdiyi razılaşmanın təfərrüatlarını açıqlamayıb. Tramp bununla yanaşı, ABŞ-nin İrana ağır zərbələr endirdiyini iddia edib.

ABŞ Prezidenti həmçinin vurğulayıb ki, Hörmüz boğazı hazırda gəmiçilik üçün açıq qalır.