ABŞ Prezidenti Donald Tramp administrasiyası Kubaya qarşı mümkün hərbi müdaxilə ssenarilərini müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Vaşinqton əvvəlcə sərt sanksiyalar və yanacaq blokadası vasitəsilə Havanaya təzyiq göstərməyə çalışıb. ABŞ administrasiyası həmçinin Venesuela və İran istiqamətindəki hərbi uğurların Kuba hakimiyyətinə psixoloji təsir göstərəcəyini hesab edib.

Lakin nəşrin iddiasına görə, İranla bağlı planların gözlənildiyi kimi getməməsi və kubalıların müqavimətinin yüksək olması səbəbindən ABŞ-də hərbi variantlar daha ciddi şəkildə nəzərdən keçirilməyə başlanıb.

“Hazırda hərbi əməliyyat məsələsi əvvəlkindən daha çox gündəmdədir”, - nəşr administrasiyadakı müzakirələrdən məlumatlı mənbəyə istinadən yazıb.

Məlumata görə, Pentaqon müxtəlif ssenarilər üzərində işləyir. Bunlara təzyiq məqsədilə məhdud hava zərbələri, eləcə də hakimiyyət dəyişikliyinə yönəlmiş genişmiqyaslı quru əməliyyatları daxildir.

Qeyd edək ki, Kuba Xarici İşlər Nazirliyi daha əvvəl ölkəyə qarşı mümkün hücum halında müqavimət göstərəcəklərini açıqlayıb.

“The New York Times” qəzeti isə ABŞ administrasiyasının Kubanın sabiq lideri Raul Kastronun ələ keçirilməsi planını hazırlaya biləcəyini yazmışdı.