GƏNCƏ, 12 iyul. TELEQRAF

"Şöbəmizə uşaq və böyük olmaqla qusma və ishal şikayətləri ilə xəstələr daxil olub. Gələnlər təxminən 20 dəqiqə fərqlə xəstəxanaya müraciət ediblər. Yas yerində qidalandıqlarını bildiriblər".

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bu barədə Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin həkimi Firdovsi Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, xəstələrdən bütün bakteroloji analizlər götürülüb və laboratoriyaya göndərilib.

"Vəziyyətləri stabildir. Artıq bir nəfər ambulator müalicə üçün evə buraxılıb. Altı nəfərin şöbədə müalicəsi davam edir. Bizdə olan məlumata görə, daha iki nəfər Göygöl Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib", - qeyd edib.

***

19:28

12.07.2026-cı il tarixində saat 18:00 radələrində başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

***

18:31

Gəncədə qidadan kütləvi zəhərlənmə baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, təxminən 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Onlar arasında azyaşlılar da var.

İlkin olaraq xəstəxanaya gətirilən şəxslər bunlardır: Nuriyə Rüstəmova (1962), Amin Teymurlu (1986), İ. Məmmədov (2017), Z. Hüseynova (2015), U. İsyaev (2020), Bənövşə Əliyeva (1963), Sevil Hüseynova (1987), Mahirə İsmayılova (1983)