BAKI, 19 may. TELEQRAF

ABŞ hakimiyyəti Ukraynaya ayrılan maliyyə yardımı və göndərilən silahların üçüncü tərəflərə ötürülməsi ilə bağlı ən azı 56 mümkün korrupsiya və dələduzluq faktını araşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqon, ABŞ Dövlət Departamenti və fəaliyyətini faktiki dayandırmış ABŞ Beynəlxalq İnkişaf Agentliyinin baş müfəttişlərinin hazırladığı hesabatda bildirilib.

ABŞ Konqresinə təqdim olunan sənədə əsasən, martın 31-nə olan vəziyyətə görə 56 açıq və 13 tamamlanmış araşdırma mövcuddur.

Qeyd olunur ki, işlərdən dördü ABŞ Ədliyyə Nazirliyinə, biri isə digər istintaq orqanına göndərilib.

Hesabatda həmçinin bildirilir ki, ABŞ hakimiyyəti Ukraynanın Milli Antikorrupsiya Bürosu ilə birgə ABŞ-də gizlənən ukraynalı korrupsiya şübhəlisini saxlayıb. Həmin şəxsin Ukraynada vəzifə səlahiyyətlərindən sui-istifadə və sənədlərin saxtalaşdırılması ittihamı ilə axtarıldığı qeyd olunur.

Bundan başqa, ABŞ immiqrasiya orqanlarının Ukraynada cinayət ittihamı ilə axtarılan daha üç Ukrayna vətəndaşını saxladığı vurğulanıb. Həmin şəxslərin adları açıqlanmayıb.