BAKI, 17 may. TELEQRAF

Kanadanın Britaniya Kolumbiyası əyalətində “MV Hondius” kruiz gəmisinin sərnişinlərindən birində hantavirus infeksiyası aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə əyalətin səhiyyə idarəsinin rəhbəri Bonni Henri məlumat verib.

Onun sözlərinə görə, yüngül simptomlar müşahidə olunan şəxsin testi müsbət çıxıb.

“Pasiyentin vəziyyəti stabildir. Simptomlar hələ də ağır deyil. O, xəstəxanada təcrid şəraitində saxlanılır”, - Henri bildirib.

Qeyd olunub ki, nəticələrin təsdiqlənməsi üçün əlavə müayinələr aparılacaq.

Məlumata görə, hazırda Britaniya Kolumbiyasında əvvəllər “MV Hondius” gəmisində olmuş dörd Kanada vətəndaşı təcriddə saxlanılır.

Kanadanın baş sanitar həkimi Joss Reymer isə bu həftə 26 nəfərin hantavirus simptomlarına görə həkim nəzarətində olduğunu açıqlayıb. Onlardan 9 nəfər yüksək risk qrupuna aid edildiyi üçün izolasiya olunub.

Xatırladaq ki, mayın 11-də “MV Hondius” kruiz gəmisi Kanar adalarındakı Tenerife limanından Niderlanda yola düşüb. Ümumdünya Səhiyyə Təşkilatı gəmidə əvvəlcə 11, daha sonra isə 10 hantavirus yoluxması qeydə alındığını açıqlayıb.

İnfeksiya səbəbindən üç nəfər ölüb, bir nəfər isə Yohannesburq xəstəxanasında müalicə olunur.

Apreldə Argentinanın Uşuaya şəhərindən yola çıxan Niderland bayraqlı gəmidə əsasən Böyük Britaniya, İspaniya, Niderland və ABŞ vətəndaşları olmaqla təxminən 150 sərnişin olub.