BAKI, 14 iyul. TELEQRAF
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib ki, ordu bir neçə İsrail vətəndaşının Qolan təpələrində Suriya ərazisinə girmək cəhdinin qarşısını alıb.
Teleqraf xəbər verir ki, məlumatda deyilir: "Bu yaxınlarda bir neçə İsrail vətəndaşı Suriya sərhədini keçmək üçün Qolan təpələri ərazisinə daxil olub. Hərbçilər onları saxlayıb, daha sonra isə əlavə araşdırma üçün İsrail polisinə təhvil veriblər. Ordu bu hadisəni qətiyyətlə pisləyir. Bu, cinayət əməli hesab olunur, mülki şəxslərin təhlükəsizliyini təhdid edir".
Suriyaya məxsus olan Qolan təpələri 1967-ci il altı günlük müharibəsi zamanı İsrail tərəfindən ələ keçirilib. 1981-ci ildə Knesset (İsrail parlamenti) birtərəfli qaydada bu ərazi üzərində yəhudi dövlətinin suverenliyini elan edən qanun qəbul etdi. BMT Təhlükəsizlik Şurasının 17 dekabr 1981-ci il tarixli 497 saylı qətnaməsi ilhaqı etibarsız elan edib.