BAKI, 16 may. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın 9 ildən sonra Pekinə ilk səfəri son illərin ən əhəmiyyətli diplomatik hadisələrindən biri kimi tarixə düşdü. İlk növbədə ona görə ki, Amerika liderinin Çinə səfəri dünyanın iki ən böyük iqtisadiyyatı arasındakı münasibətlərin təhlükəli nöqtəyə çatdığı dövrə təsadüf edib.
Bu kontekstdə yaşanan ticarət müharibəsi, texnoloji rəqabət, Tayvan böhranı, Yaxın Şərqdəki münaqişə və Hind-Sakit Okean bölgəsində təsir uğrunda mübarizə ABŞ-Çin münasibətlərində sistemli qarşıdurma atmosferinin yaranmasını şərtləndirib.
Məhz bu səbəbdən də Amerika lideri Donald Trampla Çinin sədri Xi Jinping arasında Pekində keçirilən danışıqlarda qarşıdurma ritorikası əvəzinə münasibətləri sabitləşdirmək istəyi sərgiləndi. Trampın ABŞ və Çin arasındakı münasibətlərin “əvvəlkindən daha yaxşı” olacağını bəyan etməsi müqabilində Si Cinpin “rəqib yox, tərəfdaş” olmağın vacibliyini vurğuladı.
Bununla belə, qarşılıqlı komplimentar davranış pərdəsi arxasında mühüm geosiyasi siqnal nəzərə çarpır: Amerikanın qlobal dominantlığı dövrü başa çatır, Vaşinqtonla Pekin arasındakı münasibətlər isə tədricən məcburi strateji birgəyaşayış modelinə keçid edir.
Situativ məcburi yaxınlaşma
Pekin sammitinin əsas xüsusiyyəti barışığın qarşılıqlı etimaddan çox, qarşılıqlı zərurətdən irəli gəldiyini göstərir. Belə ki, bu görüş həm ABŞ-də, həm də Çində mürəkkəb daxili və xarici siyasət mühitində baş tutub.
Tramp administrasiyasının yüksək tarif siyasəti hətta Amerika biznes dairələrində də tənqidlərlə üzləşib. İranla bağlı uzunmüddətli münaqişə isə inflyasiya təzyiqlərinə və neft qiymətlərinin artmasına səbəb olub. Bu fonda Ağ Evin oktyabrda Konqresə keçiriləcək aralıq seçkilərindən əvvəl diplomatik uğur və Pekinlə münasibətlərin qismən sabitləşməsini nümayiş etdirməsi vacib idi. Yeri gəlmişkən, bəzi analitiklərin fikrincə, İranla müharibəyə başlamaqda Trampın əsas məqsədlərindən biri bu münaqişədə qalib gəldikdən sonra Tehranın strateji müttəfiqi olan Pekinə daha güclü kartlarla səfər etmək idi. Onların iddiasına görə, məhz buna görə də ABŞ prezidenti əvvəlcə martın sonlarına nəzərdə tutulan Pekin səfərini mayın ortalarına təxirə salmışdı. Lakin İranla müharibədə nəinki istənilən uğuru qazana bilməyən, hətta Hörmüz boğazının bloklanması kimi yeni qlobal problemə yol açan Tramp Çinə səfərini daha zəif mövqedə həyata keçirməli oldu. Hətta səfər öncəsi Amerika liderinin Çinin və onun sədrinin ünvanına səsləndirdiyi komplimentar bəyanatlar da bəziləri tərəfindən bununla izah olunur.
Lakin eyni zamanda Pekin də gərginliyin azaldılmasında maraqlı idi. Çin iqtisadiyyatı uzunmüddətli daşınmaz əmlak böhranı yaşayır, ixrac sektoruna təzyiq davam edir və ölkə rəhbərliyi gələn il keçiriləcək Kommunist Partiyasının qurultayı ilə bağlı böyük siyasi dövrə hazırlaşır. Si Cinpin üçün ABŞ ilə münasibətlərin sabitləşdirilməsi ilk növbədə resursları daxili məsələlərə yönəltmək baxımından vacibdir.
Buna görə də iki tərəf faktiki olaraq “nəzarət olunan rəqabət” modelinə razılıq verib. Bu baxımdan “konstruktiv və strateji cəhətdən sabit münasibətlər”in yeni düsturu rəqabəti institusionallaşdırmaq və onun birbaşa münaqişəyə çevrilməsinin qarşısını almaq cəhdidir.
İqtisadiyyat: ikitərəfli razılaşmanın əsas amili
Sözsüz ki, ABŞ prezidentinin Çinə səfərində iqtisadi komponent əsas mövzu idi. Təsadüfi deyil ki, Trampı Pekinə böyük Amerika korporasiyalarının nümayəndələri – “Tesla”, “Apple” və “NVIDIA” rəhbərləri müşayiət edirdi. Geosiyasi qarşıdurma şəraitində belə, bu məqam Amerika biznesinin Çin bazarına son dərəcə böyük maraq göstərdiyini nümayiş etdirir.
Vaşinqton Pekini “Boeing” təyyarələri, kənd təsərrüfatı məhsulları və enerji daşıyıcıları daxil olmaqla Amerika məhsullarının alışını artırmağa inandırmağa çalışır. Yeri gəlmişkən, səfərin nəticələri barədə açıqlama verən Donald Tramp Si Cinpinin “Boeing” şirkətindən 200 təyyarə sifariş etməyə razı olduğunu və bu addımı Çin liderinin öhdəliyi kimi qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, halbuki “Boeing” şirkəti əvvəlcə 150 təyyarənin tədarükü barədə sifariş almağı planlaşdırırdı.
Qarşılıqlı ticarət çərçivəsində Çin isə öz növbəsində yarımkeçiricilərin və yüksək texnologiyalı avadanlıqların tədarükünə qoyulan məhdudiyyətlərin yumşaldılmasına çalışır.
Görüşün nəticələrinə əsasən hər iki tərəf həddindən artıq böyümüş ticarət müharibəsinin yalnız ikitərəfli münasibətlərə deyil, həm də qlobal iqtisadiyyata zərər verməyə başladığını etiraf edib. Çin-Amerika ticarətindəki turbulentlik artıq qlobal ticarətdə resessiyaya və dünya bazarlarında qeyri-sabitliyin artmasına səbəb olub. Buna görə də təxminən 30 milyard dollarlıq mallara mümkün tarif endirimlərinin müzakirəsi səfərin ən praktik nəticələrindən biri kimi yadda qaldı.
Lakin tam iqtisadi barışıqdan danışmaq hələ tezdir. ABŞ Çini əsas texnoloji rəqibi kimi görməyə davam edir, Pekin isə texnoloji özünütəminata keçidi sürətləndirməyə çalışır. Süni intellekt, mikroelektronika və nadir torpaq metalları sahəsində rəqabət qarşıdurmanın əsas elementi olaraq qalacaq.
Tayvan: ikitərəfli münasibətlərdə əsas risk mənbəyi
Pekin görüşü ilk baxışdan ABŞ-Çin münasibətlərində istiləşmə dövrünün başlanması təsirini bağışlasa da, ölkələr arasındakı əsas mövqe ixtilafları aradan qalxmayıb. Bu mənada Tayvan problemi münasibətlərdə prioritet məsələ kimi gündəmdə qalır.
Si Cinpin Tayvan məsələsinin Pekin üçün “qırmızı xətt” olduğunu təkrarlayaraq, Vaşinqtonun yanlış yanaşması halında ABŞ ilə Çin arasında birbaşa münaqişə ehtimalı barədə xəbərdarlıq edib. Pekin üçün Tayvan yalnız regional məsələ deyil, həm də ərazi bütövlüyü və Çin rəhbərliyinin siyasi legitimliyi məsələsidir.
Rəsmi qaydada “vahid Çin” prinsipinə sadiq qaldığını dəfələrlə vurğulayan Vaşinqton bununla belə Taypeyə silah tədarükünü davam etdirir və Hind-Sakit Okean bölgəsində hərbi-siyasi mövcudluğunu genişləndirir. AUKUS və QUAD ittifaqlarının inkişafını Çini cilovlama strategiyası kimi qiymətləndirən Pekin isə Filippin, Vyetnam və Yaponiya ilə əməkdaşlığı gücləndirir.
Bu fonda Cənubi Çin dənizi iki güc arasında potensial münaqişənin əsas qaynar nöqtələrindən birinə çevrilir. Bölgə qlobal logistika, enerji və dəniz rabitəsinin təhlükəsizliyi üçün vacibdir. Bu vəziyyətə nəzarət Asiyada gələcək güc balansı ilə birbaşa bağlıdır.
Buna görə də Vaşinqton və Pekin arasındakı hazırkı yaxınlaşma əsasən taktiki xarakter daşıyır. Bu, bilavasitə böhran ehtimalını azaltsa da, rəqabətin əsas səbəblərini aradan qaldırmır.
İran və yeni münasibətlər modeli
Danışıqlarda İran ətrafında yaşanan hadisələrə xüsusi diqqət yetirilib. Vaşinqton Hörmüz boğazı ətrafındakı vəziyyəti sabitləşdirmək üçün Çinin İran neftinin ən böyük alıcısı kimi təsirindən istifadə etməyə ümid edir. Bu, qlobal siyasətdə əhəmiyyətli transformasiyanı nümayiş etdirir: ABŞ artıq qlobal böhranları təkbaşına idarə edə bilmir və Pekinin imkanlarını nəzərə almağa məcburdur.
Çin də öz növbəsində gərginliyin azaldılmasında maraqlıdır, çünki enerji sabitliyi onun iqtisadiyyatı üçün vacibdir. Beləliklə, İran böhranı geosiyasi rəqabətin tədricən əməkdaşlıq zərurəti ilə necə birləşdirildiyinin nümunəsinə çevrilib.
Daha geniş mənada Trampın Pekinə səfəri dünyanın yeni beynəlxalq münasibətlər modelinə keçidini nümayiş etdirdi. Əvvəllər ABŞ yeganə güc mərkəzi kimi çıxış etməyə çalışırdısa, Vaşinqton indi Çini bərabərhüquqlu oyunçu kimi qəbul etməməyin mümkün olmadığını faktiki olaraq etiraf edir.
Yeni dünya nizamına keçid
Pekin sammitinin əsas nəticəsi imzalanmış müqavilələrdə və ya diplomatik jestlərdə deyil. Bunun əhəmiyyəti yeni qlobal reallığın simvolik olaraq tanınmasındadır.
ABŞ və Çin strateji rəqib olaraq qalırlar, lakin hər iki tərəf birbaşa qarşıdurmanın qlobal iqtisadiyyat və beynəlxalq təhlükəsizlik üçün fəlakətli olacağını yaxşı anlayır. Buna görə də açıq təzyiq siyasəti əvəzinə, ən azı indiki mərhələdə əməkdaşlıq elementləri ilə müşayiət olunan məhdud rəqabət modelinin formalaşmasına üstünlük verilir.
Lakin bu, iki supergüc arasındakı qarşıdurmanın sonu demək deyil. Əksinə, texnoloji liderlik, Asiyada təsir və qlobal təchizat zəncirləri üzərində nəzarət uğrunda rəqabət yalnız güclənəcək. Ancaq bu mübarizə artıq bir-birinin gücünün qarşılıqlı tanınması şəraitində aparılacaq.
Trampın Pekinə səfəri faktiki olaraq dünyanın nəhayət çoxqütblülük dövrünə keçidini rəsmiləşdirdi. Vaşinqton artıq qaydaları təkbaşına diktə etmək iqtidarında deyil, Çin isə qlobal sistemdə kiçik tərəfdaş rolunu oynamaq fikrində deyil. Bu reallıq qarşıdakı onilliklərdə beynəlxalq siyasətin əsas xəttini müəyyənləşdirəcək.
Amma bununla yanaşı, yeni dünya nizamının arxitekturasının yaradılmasında Rusiya faktorunun da mühüm rol oynayacağını inkar etmək mümkün deyil. Doğrudur, Rusiya iqtisadi gücünə görə ABŞ və Çinlə ayaqlaşa bilməsə də, hazırda Amerika ilə paritet nüvə silahı potensialına malik olan bir dövləti bu prosesdən kənarda saxlamaq mümkün deyil. Digər tərəfdən, Vaşinqtonun əhval-ruhiyyəsinin dəfələrlə diametral şəkildə dəyişməsinin şahidi olmuş Pekinin belə taleyüklü məsələdə Moskva ilə müttəfiqlikdən əl çəkəcəyi də inandırıcı görünmür.
Bu mənada Donald Trampın artıq bu il Rusiyaya səfərə gələ biləcəyini istisna etməməsi, Rusiya prezidenti Vladimir Putinin isə yaxın vaxtlarda Çinə səfər etməyi planlaşdırdığı barədə xəbərlər Vaşinqton-Moskva-Pekin üçbucağının yeni dünya nizamını formalaşdırmaq istiqamətində pərdəarxası ciddi sövdələşmələr aparması ehtimalını gücləndirir.
Yeri gəlmişkən, vaxtilə Moskvanın Rusiya-Almaniya-Çin kontinental mehvərini yaratmaq təşəbbüsünü puça çıxarmaq məqsədilə Vaşinqton Rusiya ilə Almaniya arasında nifaq salmaqla bu planın birinci hissəsini poza bildi. İndi isə Tramp administrasiyası Pekinlə yaxınlaşmaqla Çin-Rusiya kontinental müttəfiqliyini sarsıtmağa çalışır. Trampın Pekinə səfəri öncəsi jurnalistlərə ABŞ və Çinin dünyanın iki supergücü olması barədə açıqlaması da müəyyən mənada bu siyasətin fraqmentlərindən biridir.
Bu kontekstdə hələ 2000-ci illərdə amerikalı analitiklər “G2+”, yəni ABŞ-Çin cütlüyü və digərləri formatında qlobal nizam layihəsini gündəmə gətirmişdilər. Lakin Pekin bu təşəbbüsdə onun üçün nəzərdə tutulmuş “kiçik partnyor” statusu ilə razılaşmadığından həmin layihə təşəkkül tapmadı.
Bu gün isə reallıq tamamilə fərqli geosiyasi gedişlər etməyi zəruri edir.
Sahil İsgəndərov, politoloq