BAKI, 16 may. TELEQRAF
"Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türk ölkələrinin inteqrasiyası yolunda növbəti uğurlu addım oldu. Zirvə görüşü çərçivəsində liderlər önəmli görüşlər keçirdilər və aktual müzakirələr apardılar. Zirvə görüşündə liderlərin çıxışlarında üzv ölkələr arasında əməkdaşlığın genişləndirlməsinin zəruriliyini özündə ehtiva edən bir sıra mühüm mesajlar verilib”.
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, hazırda qlobal miqyasda sürətli transformasiyalar baş verir, dünya dəyişir, yeni nizam formalaşır. Belə bir şəraitdə Türk dünyası üçün də mühüm çağırışlar yaranıb. Zirvə görüşündə bu kontekstdə də müzakirələr aparılıb. Yüksəksəviyyəli təmaslar çox olduqca münasibətlərin dərinləşməsi üçün də daha geniş imkanlar yaranır. Artıq yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir.
Millət vəkili xatırladıb ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi TDT-nın tarixində yeni bir başlanğıcdır. Bu ənənə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında həyata vəsiqə alıb. Belə ki, TDT-nın dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü Türk dünyasının qədim şəhəri Şuşada baş tutub. Ötən ilin mayında isə bu formatda sammit Macarıstanda keçirilib. Keçən ilin oktyabrında isə Azərbaycanın Qəbələ şəhərində növbəti Zirvə görüşü reallaşıb.
Ümumiyyətlə, Azərbaycan TDT-nın güclənməsinə və onun funksionallığının artmasına davamlı töhfələr verir. Dövlətimizin başçısı Türk dünyasını vahid bir ailə kimi səciyyələndirib və bildirib ki, bizi başqa yerdə gözləmirlər.
Qeyd edək ki, Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Biz qürur duyuruq ki, TDT-nın yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Sonradan bu platforma TDT-ə çevrilib. Sammitdə Prezident İlham Əliyevin dediyi kimi, bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. “Keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Samir Vəliyev qeyd edib ki, hazırda bütün dünyanın nəzərləri türk ölkələrinin yerləşdiyi coğrafiyaya yönəlib. Bu, ilk növbədə resurslarla və gərgin geosiyasi reallıqlar fonunda alternativ nəqliyyat bağlantılarına artan tələbatla bağlıdır. Azərbaycan və Mərkəzi Asiyadakı türkdilli ölkələr Avropa ölkələrinin resurslara artan ehtiyaclarını qarşılamaq iqtidarındadır. Eyni zamanda, bu coğrafiyadan hər cəhətdən əlverişli və təhlükəsiz olan nəqliyyat bağlantıları keçir. Yüklər Çin sərhədlərindən başlayan Orta Dəhlizlə Mərkəzi Asiyadakı Türk dövlətlərindən keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana və buradan da Türkiyəyə ötürülməklə Avropaya çatdırla bilər. Əslində, bu marşrut Azərbaycan Prezidentinin siyasi qətiyyəti əsasında yaradılan müasir infrastruktur sayəsində artıq funksionaldır və daşımalar ilbəil artır. Ölkəmizin təşəbbüsü olan Zəngəzur Dəhlizinin açılması ilə Transxəzər marşrutunun daha bir qolu yaranmış olacaq. Bundan əlavə, dövlətimizin başçısının çıxışında qeyd edildiyi kimi, rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.
Eyni zamanda, yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu da təşkil ediləcək. Həmçinin, a Türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk dünyası həftəsi” də iyun ayında Bakıda keçiriləcək. Cənab Prezident bu tədbirin xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcəyinə əminliyini bildirib.
“Məlumdur ki, Türküstan şəhəri türk xalqlarının qədimliyini özündə ehtiva edən mərkəzlərdən biridir. Zirvə görüşündə iştirak edən liderlər Türküstanda tarixi-mədəni məkanları ziyarət ediblər. Eləcə də, Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak ediblər. Bu layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunub saxlanmasına, öyrənilməsinə və təbliğinə yönəlib. Ən qabaqcıl standartlara uyğun inşa ediləcək mərkəzin əsas ideyası türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiya olduğunu nümayiş etməkdir. Bütün bunlar türk dövlətlərini və xalqlarını daha da yaxınlaşdıran vacib amillərdir", - deyə deputat vurğulayıb.