BAKI, 16 may. TELEQRAF
Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması ölkə üçün ciddi iqtisadi və sosial nəticələr yarada bilər.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
Onun sözlərinə görə, ekspert hesablamalarına əsasən, Ermənistanın AİB-dən çıxması ən azı 5 milyard dollar itki ilə nəticələnə bilər:
"Ermənistan AİB-ə üzv olduğu 10 il ərzində ölkənin ÜDM-i 2,5 dəfə artaraq 10,55 milyard dollardan 26,37 milyard dollara yüksəlib. Üzvlük çərçivəsində Ermənistan ümumi bazara çıxış və enerji təchizatı üzrə güzəştli şərtlər əldə edib. Rusiya Ermənistana qazı 1000 kubmetr üçün 177,5 dollara satır, Avropada isə bu rəqəm 633 dollara qədər yüksəlir".
Sədr əlavə edib ki, Ermənistan ixracatının təxminən 25 faizi Rusiyaya yönəlir və tərəflər arasında ticarət dövriyyəsində azalma müşahidə olunur. Avropa İttifaqı ilə yaxınlaşma müzakirələri fonunda 2025-ci ildə ticarət dövriyyəsi 45,4 faiz azalıb.
Volodin həmçinin Ermənistan daxilində siyasi və sosial mövzularda mübahisələrə toxunaraq, ölkələrin seçimlərinin xalqın iradəsinə əsaslanmalı olduğunu vurğulayıb.