BAKI, 15 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Çinin Amerika şirkətlərinə yüz milyardlarla dollar investisiya yatırmağa hazırlaşdığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

ABŞ lideri Çin sədri Si Cinpinlə keçirilən görüş zamanı Amerikanın ən iri şirkətlərinin rəhbərlərinin də iştirak etdiyini qeyd edib.

“Bu insanlar müqavilələr bağlamaq və iş yerlərini ABŞ-yə qaytarmaq üçün buraya gəliblər”, - Donald Tramp vurğulayıb.

Onun sözlərinə görə, Çin həmin görüşdə iştirak edən şirkətlərə yüz milyardlarla dollar sərmayə yatırmaq niyyətindədir.

Qeyd edək ki, Donald Tramp mayın 13-15-də Çində səfərdədir. Səfər çərçivəsində ABŞ və Çin liderləri arasında növbəti danışıqların keçirilməsi planlaşdırılır.

ABŞ nümayəndə heyətinə “Tesla” və “SpaceX” rəhbəri İlon Mask, “Apple” şirkətinin baş direktoru Tim Kuk, “Boeing” prezidenti Kelli Ortberq, “Goldman Sachs” rəhbəri Devid Solomon və “Nvidia”nın baş direktoru Censen Huanq da daxildir.