BAKI, 14 iyul. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində amerikalı həmkarı Donald Trampın və onun administrasiyasının Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin "The Floridian" nəşri məlumat yayıb.

İIham Əliyev bildirib ki, hazırkı ABŞ Administrasiyasının münaqişənin nizamlanmasına yanaşması sələflərinin fəaliyyətindən köklü şəkildə fərqlənir:

"Prezident Trampın yanaşması tamamilə fərqli və səmərəlidir. O, sülhü təşviq edən liderdir və bir çox münaqişələrin həllində vasitəçilik təcrübəsinə malikdir. Bizim vəziyyətimizdə də onun rolu həlledici oldu. Tramp və komandası prosesə qoşularaq sülh üçün real çərçivə yaratdılar və narahatlıqlarımızı tam dərk etdilər".

Nəşr yazıb ki, Prezident İlham Əliyev Ağ Evdə Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən tarixi görüşü xatırladaraq, məhz həmin formatın sülh sazişinin əldə olunmasında mühüm mərhələ olduğunu qeyd edib.

Forumda iştirak edən ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast isə Trampın xarici siyasətindəki qətiyyətin dünya liderləri tərəfindən yüksək qiymətləndirildiyini bildirib.