ŞUŞA, 14 iyul. TELEQRAF
Bu gün IV Şuşa Qlobal Media Forumu çərçivəsində "Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti" adlı panel müzakirə təşkil edilib.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, panel müzakirədə Anadolu Agentliyinin vitse-prezidenti və baş redaktoru Yusuf Özhan və AnewZ TV icraçı direktoru Rüfət Həmzəyev çıxış ediblər.
Panelə AnewZ TV-nin baş redaktorunun müavini Orxan Amaşov moderatorluq edib.
Sessiyada çıxış edən Anadolu Agentliyinin vitse-prezidenti və baş redaktoru Yusuf Özhan bildirib ki, dezinformasiyaya qarşı mübarizə böyük məsuliyyət tələb edir.
Onun sözlərinə görə, Türkiyədə baş vermiş Kahramanmaraş zəlzələsi zamanı çox sayda dezinformasiya yayılıb:
"Peşəkar jurnalistika belə halların qarşısının alınmasında və dezinformasiyanın minimuma endirilməsində mühüm rol oynayır. Kahramanmaraşın bərpasına Azərbaycanın verdiyi dəstək hər kəsə məlumdur. Azərbaycan hökuməti zəlzələdən sonra qardaşlıq ənənəsinə sadiq qalaraq öz töhfəsini verdi. Jurnalistlər isə yenidənqurma prosesinin işıqlandırılmasında və bu tarixi hadisələrin gələcək nəsillərə çatdırılmasında böyük məsuliyyət daşıyırlar".
Rüfət Həmzəyev isə çıxışı zamanı deyib ki, yenidənqurma sadəcə quruculuq işlərinə aid deyil, insan hekayələrinə də bağlıdır.
Onun sözlərinə görə, dağıntılar ani şəkildə, dirçəliş prosesi isə ləng baş verir:
"Dirçəliş prosesi kompleks bir mərhələni özündə ehtiva edir. Biz xatirələri necə qorumalı və gələcək nəsillərə ötürməkdə məsuliyyət daşıyırıq. Keçmişin xatirələrini unutmuruq. Medianın da rolu budur, keçmişi unutmamaqdır"
FOTO: Elnur Muxtar