BAKI, 12 may. TELEQRAF

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-la münasibətlərin nizamlanması üçün Tehranın təqdim etdiyi 14 maddəlik təklifin alternativinin olmadığını bildirib.

Teleqraf xəbər verir ki, iranlı siyasətçi bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

“İran xalqının hüquqlarını əks etdirən 14 maddəlik təklifdən başqa alternativ yoxdur. Digər bütün yanaşmalar nəticəsiz qalacaq və yalnız uğursuzluqlara gətirib çıxaracaq”, - deyə Qalibaf vurğulayıb.

O bildirib ki, ABŞ prosesi nə qədər uzatsa, bunun əvəzini amerikalı vergi ödəyiciləri daha çox ödəyəcək.

Məlumata görə, İran mayın əvvəlində Pakistan vasitəsilə ABŞ-yə 14 maddədən ibarət “yol xəritəsi” təqdim edib. Sənəd Vaşinqtonun daha əvvəl irəli sürdüyü 9 maddəlik təşəbbüsə cavab olaraq hazırlanıb.

“Fars” agentliyinin məlumatına əsasən, İranın təklifində uranın zənginləşdirilməsinin 15 il müddətinə dayandırılması və Hörmüz boğazının yekun razılaşma əldə olunmadan açılması nəzərdə tutulmur.