BAKI, 11 may. TELEQRAF
Baş nazir Keir Starmerin vəzifəsini davam etdirməsi səbəbindən Böyük Britaniya nazirlərinin köməkçiləri istefa verməyə başlayıblar.
Teleqraf xəbər verir ki, belə bir addımı ilk olaraq ətraf mühit, ərzaq və kənd təsərrüfatı üzrə dövlət katibi Emma Reynoldsun köməkçisi Tom Rutland atıb.
Onun ardınca səhiyyə naziri Ues Stritinq və Uesli Stritinqin parlamentdəki şəxsi katibi Co Morris də istefa verib. O, Starmerin istefa verəcəyi təqdirdə baş nazir vəzifəsinə ən çox ehtimal olunan varislərindən biri hesab olunur. Daxili işlər naziri Şabana Mahmudun köməkçisi Salli Ceymison da baş naziri açıq şəkildə Dauninq Stritdən getməyə çağırıb.
Britaniya siyasi sistemində hökumətin bütün üzvləri eyni zamanda parlament üzvləridir.
"The Spectator" jurnalının qeyd etdiyi kimi, hakim Leyborist Partiyasından olan 50-dən çox İcmalar Palatasının üzvü artıq Starmerin istefasını tələb edib. Nəşrin məlumatına görə, baş nazirin siyasi karyerası artıq günlərlə deyil, saatlarla ölçülür. Baş nazirdən narazı olan Leyborist millət vəkilləri hesab edirlər ki, Starmerin Dauninq küçəsindəki mövcudluğu 2029-cu ilin avqustundan gec olmayaraq keçiriləcək növbəti ümumi seçkilərdə partiyanın mövqeyini daha da pisləşdirəcək. Ümumilikdə, 650 yerlik İcmalar Palatasında Leyboristlər qrupu 403 üzvdən ibarətdir.
Böyük Britaniyada 7 mayda yerli özünüidarəetmə seçkiləri keçirilib. Nəticədə Leyboristlər Partiyası ilk dəfə olaraq Uels Parlamentinə nəzarəti itirib. Starmer seçkilərdəki məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb, lakin istefa verməkdən imtina edib.