BAKI, 27 iyun. TELEQRAF

"Birinci raund çox çətin idi. Düşünürdüm ki, rəqib qalib gəlmək üçün məni öldürə bilər. Amma buna imkan vermək istəmirdim".

Teleqraf xəbər verir ki, bunu “UFC Fight Night Baku” turnirində braziliyalı Mişel Pereyranı məğlub edən rusiyalı MMA döyüşçüsü Şarabutdin Maqomedov döyüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı döyüşçü rəqibinin güclü olduğunu bildirib: "Məni şok edən onun zərbələri idi. Ondan qorxulu nəsə ola bilməzdi. Amma düşündüm ki bundan qorxulu nəsə ola bilməz. Ona görə döyüşü bitirdim".

O, “Sea Breez”də ev istədiyini söyləyib: "Döyüşdən sonra Emin Ağalarovdan “Sea Breez”də mənzil açarı istədim. Təbii ki, bu zarafat idi. Amma istəyərdim mənim də orda evim olsun".

Şara ötənilki turnirə qatıla bilmədiyi üçün təəssüflənib: "Bakıda bu turnirə qatılmaq mənim üçün tarixi anlardır. Keçən il Bakıda turnir təşkil edildiyini eşidəndə mentorlardan xahiş etdim ki, məni də bu siyahıya əlavə etsilər. Amma alınmadı. Bu il isə iştirak edə bildim".

32 yaşlı döyüşçü azarkeşlərdən üzr istəyib: "Bir neçə gündür otelimin qarşısında toplaşan azarkeşlərdən üzr istəyirəm. Mən bura istirahətə gəlməmişəm, bütün foksumu döyüşə vermişdim. Məşq etməliydim. Ona görə, onlarla şəkil çəkdirə bilmədim".